BAKI, 19 iyul. TELEQRAF

İranın Küveytdə elektrik stansiyasına zərbələr endirməsi nəticəsində stansiyada yanğın baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Küveytin Elektrik, Su və Bərpa Olunan Enerji Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir: "İranın Küveyt dövlətinə qarşı təcavüzü davam edir. Elektrik enerjisi istehsalı və duzsuzlaşdırma zavoduna hücum edilib və nəticədə zavodun bəzi infrastruktur obyektlərində yanğınlar baş verib və çox sayda enerji bloku sıradan çıxıb".

Nazirlik bildirib ki, yanğınsöndürənlər hücumun nəticələrinə tez bir zamanda reaksiya verməyə başlayıblar və artıq yanğını nəzarət altına alınıb. Təhlükəsizlik qüvvələri ilə birlikdə işləyən nazirliyin texniki qrupları dəymiş ziyanı qiymətləndirir və zədələnmiş bölmələri tez bir zamanda istismara qaytarmaq üçün çalışırlar. Küveyt hakimiyyəti bir daha vətəndaşlarına və sakinlərinə həmrəylik göstərməyə və elektrik enerjisi istehlakını minimuma endirməyə çağırıb.

17 və 18 iyul tarixlərində Küveytin Elektrik, Su və Bərpa Olunan Enerji Nazirliyi İranın zərbələri nəticəsində elektrik stansiyalarına və duzsuzlaşdırma qurğularına ziyan dəydiyini bildirib. Həmçinin obyektlərdə yanğınlar baş verib və yanğınları söndürərkən bir neçə təcili yardım xidməti əməkdaşı xəsarət alıb.