BAKI, 19 iyul. TELEQRAF
Rusiya ordusu Qvineya-Bisau bayrağı altında üzən mülki quru yük gəmisinə raket zərbəsi endirib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində heyət üzvlərindən 5-i həlak olub, 8-i təxliyə edilib, daha 5 nəfərin taleyi isə hələlik məlum deyil:
"Rusiya Türkiyəyə məxsus və içərisində taxıl yükü olan "Golden Leo" gəmisinə 3 ədəd "X-59/X-69" tipli qanadlı raketlə zərbə endirib. Hücum gəmi döyüş bölgəsindən çıxarkən baş verib. Raketlərin gəminin sağ göyərtəsinə dəyməsi nəticəsində yanğın başlayıb. Hazırda itkin düşən 5 dənizçinin axtarışları davam edir, gəminin texniki vəziyyəti isə dəqiqləşdirilir".
Qeyd edilib ki, təxliyə edilən 8 heyət üzvü Odessa xəstəxanalarından birinə yerləşdirilib.
Ukrayna hadisəni pisləyib:
"Bu, Rusiyanın heç bir hərbi təhlükə yaratmayan, xarici bayraq altında üzən silahsız mülki gəmiyə növbəti məqsədli zərbəsidir. Bu hücum dinc gəmiçiliyə qarşı terror aktı və beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulmasıdır".