BAKI, 20 iyul. TELEQRAF
İsrail yaxın vaxtlarda İran tərəfindən ölkə ərazisinə raket zərbəsi endiriləcəyinə dair hazırlıq əlamətləri müşahidə etmədiyini bildirib. Bununla yanaşı, rəsmi Tel-Əviv vəziyyətin qısa müddətdə kəskinləşə biləcəyini də istisna etmir.
Teleqraf xəbər verir ki, bu barədə "Ynet" portalı müdafiə sahəsindəki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, İsrail ordusu yüksək döyüş hazırlığı vəziyyətində olsa da, hələ maksimum hazırlıq səviyyəsinə keçirilməyib. Mənbə hesab edir ki, futbol üzrə dünya çempionatı başa çatdıqdan sonra regionda gərginlik artıq gələn həftə sürətlə arta bilər.
Portalın yazdığına görə, iyulun 19-da İordaniyanın Əqəbə şəhəri istiqamətində həyata keçirilən raket hücumu İranın münaqişənin coğrafiyasını genişləndirmək cəhdi kimi qiymətləndirilir. Mənbənin fikrincə, Tehran yaxın günlərdə İsraillə birbaşa qarşıdurmadan yayınmaq siyasətindən də imtina edə bilər.
Qeyd edək ki, İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir iyulun 19-da ordunun İranda baş verən prosesləri diqqətlə izlədiyini və İsrailə təhlükə yaranacağı təqdirdə hərbi əməliyyatları dərhal bərpa etməyə hazır olduğunu bildirib.