BAKI, 22 iyun. TELEQRAF
Konqo Demokratik Respublikasının qərbində 19 gün ərzində mənşəyi bilinməyən xəstəlik 14 nəfərin həyatına son qoyub.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin millət vəkili Jak İlunqu Openin danışıb.
Onun sözlərinə görə, Kvilu əyalətindəki Mokolo-Biala kəndi iyunun əvvəlindən bəri naməlum xəstəlik səbəbindən tədricən boşalır.
"19 gündə 14 ölüm hadisəsi qeydə alınıb. Son dərəcə narahatedici vəziyyətdir. Mərkəzi hökumət, Səhiyyə Nazirliyi və əyalət hakimiyyəti bunun epidemiya, yoxsa başqa xəstəlik olduğunu müəyyən etmək üçün dərhal müdaxilə etməli və əhalini qorumaq üçün lazımi tədbirləri görməlidir", - deputat jurnalistlərə bildirib.
Simptomlara şiddətli baş ağrıları, qarın və diz ağrıları, qusma daxildir.
Xəstəlik son dərəcə sürətlə irəliləyir, ölüm ilk simptomlardan 24 saat sonra baş verir.