BAKI, 22 iyun. TELEQRAF

Növbəti üç-beş il ərzində Krımda 9 bal gücündə şiddətli zəlzələ baş verə bilər.

Teleqraf xəbər verir ki, belə bir iddia ilə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin direktoru Yuri Vinoqradov çıxış edib.

O, yarımada sakinlərini bu təhlükəli hadisəyə hazırlaşmağa çağırıb.

Qeyd olunur ki, iyunun 22-də Krımda yeddi zəlzələ baş verib, onlardan ən güclüsü 4,4 bal olub. Zəlzələlərin episentrləri Sevastopoldan 26 və 30 kilometr aralıda yerləşib.

Vinoqradov bu cür təkanları normal hadisə kimi qələmə verib və yarımadada dağıdıcı zəlzələnin 1927-ci ildə baş verdiyini xatırladıb:

"1927-ci ildə daha güclü təkanlar baş verdi və onların təkrarlanma müddəti təxminən 100 ildir. Ona görə də bu il və gələn il Krım bölgəsində güclü zəlzələlər gözləyirik. Təhlükəli bir dövrə qədəm qoyuruq. Növbəti üç-beş il ərzində istənilən vaxt güclü zəlzələyə hazır olmalıyıq".