BAKI, 17 iyun. TELEQRAF

Bu ilki toplantılara hazırlıq başladığı gündən etibarən IsDB və Azərbaycan tərəfinin birgə komandası forumun daha yüksək nəticələr verməsi üçün birlikdə çalışıb.

Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun (IsDB) illik toplantıları çərçivəsində təşkil olunan Özəl Sektor Forumu 2026-nın açılış mərasimində çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycanın məqsədi yalnız müqavilələrin sayı və ya maliyyə həcmi baxımından deyil, həm də yaradacağı təsir və nəticələr baxımından daha yüksək göstəricilərə nail olmaqdır:

“Artıq tədbirdə rekord sayda iştirakçının qeydiyyatdan keçdiyini eşitmişik ki, bu da forumun aktuallığını və ona olan marağı təsdiqləyir.

Əldə etdiyimiz son məlumata görə, forum çərçivəsində memorandumlar da daxil olmaqla 32-dən çox sənəd imzalanacaq və onların ümumi dəyəri 4,7 milyard ABŞ dollarını ötəcək”.

Nazir əlavə edib ki, ötən il forum çərçivəsində ümumi dəyəri 3,6 milyard ABŞ dollarından çox olan sazişlər imzalanmışdı.