BAKI, 17 iyun. TELEQRAF
Azərbaycan Dillər Universitetində (ADU) Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizdəki Səfirliyi və ADU-nun birgə təşkilatçılığı ilə "BƏƏ tolerantlığı: köklü bir irs və dayanıqlı bir baxış" mövzusunda mühüm tədbir keçirilib.
Teleqraf xəbər verir ki, Şeyx Zayed adına Ərəb dili Auditoriyasında baş tutan tədbiri giriş sözü ilə mərkəzin direktoru Ülviyyə Hüseynova açıb.
O, qonaqları salamlayaraq, rəhbərlik etdiyi strukturun iki ölkə arasındakı mədəni-humanitar əlaqələrin inkişafındakı rolunu xüsusi qeyd edib.
Daha sonra çıxış edən BƏƏ Səfirliyinin birinci katibi Dr. Bədriyyə Əlşihhi ölkəsinin humanitar fəaliyyəti milli məsuliyyət kimi qəbul etdiyini bildirib. Diplomat vurğulayıb ki, Dövlət Başçısı Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın göstərişləri sayəsində BƏƏ qlobal yoxsulluğun azaldılmasında və sülhün bərqərar olunmasında aparıcı donor ölkələr sırasındadır. O, Əmirliklərin dünyada tolerantlıq paytaxtına çevrildiyini və ölkədən qlobal miqyasda sülh missiyalarının yayıldığını diqqətə çatdırıb.
ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova rəsmi tərəfdaşlıqdan məmnunluğunu ifadə edərək bildirib ki, tolerantlıq və multikulturalizm həm Azərbaycan, həm də BƏƏ üçün ortaq təməl prinsipdir. Prorektor bu cür platformaların tələbələrin dünyagörüşünün formalaşmasında böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Rəsmi hissənin sonunda BƏƏ Tolerantlıq və Birgəyaşayış nazirinin müşaviri Raşid Əl Nəimi dövlət siyasətində dözümlülük və sülh mədəniyyətinin prioritet istiqamət olduğunu qeyd edib.
Tədbir çərçivəsində mövzu ətrafında geniş panel müzakirələr təşkil olunub. Paneldə BƏƏ Səfirliyinin birinci katibi Bədriyyə Əlşihhi, ADU-nun Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı, professor İbrahim Kazımbəyli, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov və BƏƏ nazirinin müşaviri Raşid Əl Nəimi çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Sonda tədbirin təşkilində və müzakirələrdə fəal iştirak edən şəxslərə xüsusi təşəkkürnamələr təqdim olunub.