BAKI, 17 iyun. TELEQRAF

IsDB Qrupunun özəl sektor qurumları ilə Azərbaycandakı tərəfdaşlar arasında sazişlər imzalanıb.

Teleqraf xəbər verir ki, Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun (IsDB) illik toplantıları çərçivəsində strateji əməkdaşlıq sazişləri və maliyyələşdirmə mexanizmlərini əhatə edən, ümumi dəyəri 295 milyon ABŞ dolları təşkil edən Xüsusi Sazişlər imzalanıb.

Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD) icraçı direktor vəzifəsini müvəqqəti icra edən Xalid Xələfallahı ilə Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfin iştirakı ilə ICD və SOCAR arasında sazişin imzalanması mərasimi keçirilib.

Sazişin məqsədi ICD və SOCAR arasında Azərbaycanda maliyyələşdirmə, investisiya və məsləhət xidmətləri sahəsində əməkdaşlıq imkanlarının araşdırılmasıdır.

Bundan əlavə, Azərbaycan Biznesin İnkişafı Fondunun (ABİF) İdarə Heyətinin sədri Ülvi Mansurovun iştirakı ilə ICD ilə ABİF arasında 200 milyon manat məbləğində Çərçivə Agentlik-Wakala (Framework Agency–Wakala) sazişi imzalanıb.

Bu saziş Azərbaycan maliyyə institutlarına yerli valyutada maliyyələşmə xətlərinin təqdim olunması və həmin vəsaitlərin uyğun özəl sektor şirkətlərinin dövriyyə kapitalının maliyyələşdirilməsinə yönəldilməsi üçün əməkdaşlıq çərçivəsini müəyyən edir.

Daha sonra Türk İnvestisiya Fondunun (TIF) prezidenti Bağdad Amreyevi və baş icraçı direktoru Ramil Babayevin iştirakı ilə ICD və TIF arasında saziş imzalanıb.

ICD ilə TIF arasında imzalanan Çərçivə Agentlik Sazişinin dəyəri 50 milyon ABŞ dollarıdır.

“Azerconnect Group”un baş icraçı direktoru Emil Məsimovun iştirakı ICD ilə “Azerconnect Group” arasında 20 milyon ABŞ dolları məbləğində birbaşa maliyyələşdirmə xəttinə dair mandat məktubu imzalanıb.

Mərkəzi Bankının sədri Taleh Kazımov, “TuranBank” ASC-nin İdarə Heyətinin sədri Orxan Qarayevin iştirakı ilə ICD ilə “TuranBank” arasında 15 milyon ABŞ dolları məbləğində maliyyələşdirmə xəttinə dair Niyyət Məktubu imzalanıb.

Məlumata görə, bu maliyyələşdirmə xətti ICD tərəfindən “TuranBank”a təqdim ediləcək və Azərbaycandakı uyğun özəl sektor şirkətlərinin maliyyələşdirilməsinə yönəldiləcək.

Daha sonra Beynəlxalq İslam Ticarətinin Maliyyələşdirilməsi Korporasiyasının (ITFC) baş icraçı direktoru Adeb Yusif Al-Amani və “Rabitəbank” ASC-nin baş icraçı direktoru cənab Aydın Hüseynovun iştirakı ilə ITFC ilə “Rabitəbank” arasında 10 milyon ABŞ dolları məbləğində maliyyələşdirmə xəttinə dair Şərtlər Məktubu (Terms Letter) imzalanıb.