BAKI, 17 iyun. TELEQRAF

Mərkəzi Bank maliyyə sisteminin dayanıqlığını təmin etdikdə, özəl sektorun maliyyə resursları səfərbər olunur. Azərbaycanda bank sektorunda problemli kreditlərin (NPL) səviyyəsi 3 faizdən aşağıdır.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə İslam İnkişaf Bankı Qrupunun (IsDB) illik toplantıları çərçivəsində təşkil olunan İslam Maliyyəsi üzrə 27-ci İDB Qlobal Forumu çərçivəsində deyib.

O bildirib ki, likvidlik göstəriciləri tələb olunan minimum səviyyədən iki dəfədən çox yüksəkdir:

“Kapital adekvatlığı təxminən 18 faizdir ki, bu da normativ tələbdən təxminən 50 faiz çoxdur.

Bu isə o deməkdir ki, maliyyə sektoru vasitəçilik funksiyasını effektiv şəkildə yerinə yetirə bilir. Hazırda iqtisadiyyata yönəldilə biləcək təxminən 20 milyard manatlıq risksiz aktivlər mövcuddur.

Son üç ildə kredit artımı iqtisadi artımı üstələyib. Bu da maliyyə sektorunun iqtisadi inkişafı dəstəkləməyə hazır olduğunu göstərir”.