BAKI, 17 iyun. TELEQRAF

Bu gün Özbəkistan Prezidentinin rəhbərliyi altında qardaş ölkə sosial-iqtisadi inkişafda heyranedici nəticələr nümayiş etdirir. Həyata keçirilən ardıcıl islahatlar, iqtisadiyyatın modernləşdirilməsi və biznes mühitinin yaxşılaşdırılması üzrə irimiqyaslı proqramlar əhalinin rifahının yüksəlməsinə, ölkənin rəqabət qabiliyyətinin artmasına və investisiya cəlbediciliyinin güclənməsinə töhfə verir.

Teleqraf xəbər verir ki, bunu Baş nazir Əli Əsədov V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı deyib.

"Bu müsbət dəyişikliklərin qanunauyğun təzahürü isə etibarlı və perspektivli tərəfdaş kimi Özbəkistana qarşı artan beynəlxalq maraqdır. Məhz buna görə də Daşkənd Beynəlxalq İnvestisiya Forumu ildən-ilə daha çox dövlət, işgüzar dairələr və beynəlxalq maliyyə institutlarının nümayəndələrini özünə cəlb edir.

Azərbaycan öz növbəsində bu cür təşəbbüsləri beynəlxalq investisiya əməkdaşlığının gücləndirilməsi üçün mühüm alət kimi nəzərdən keçirir.

Bu xüsusda qeyd etmək istərdim ki, ötən il Azərbaycan I Beynəlxalq İnvestisiya Forumunu keçirməklə investisiya dialoqu üçün özünün beynəlxalq platformasını yaradıb. Forum investorlar, biznes nümayəndələri və beynəlxalq maliyyə institutları tərəfindən yüksək maraq nümayiş etdirdi.

Bu uğurun məntiqi davamı olaraq, bu ilin sentyabr ayında Azərbaycanda II Beynəlxalq İnvestisiya Forumu keçiriləcək. Fürsətdən istifadə edərək, bütün tərəfdaşları bu forumda iştirak etməyə dəvət edirik", - deyə Baş nazir bildirib.