BAKI, 17 iyun. TELEQRAF
Son üç ildə Azərbaycanda inflyasiya hədəf diapazonu daxilində olub və təxminən 2–4 faiz aralığında dəyişib. Proqnozlara görə, növbəti iki ildə də bu səviyyədə qalacaq.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə İslam İnkişaf Bankı Qrupunun (IsDB) illik toplantıları çərçivəsində təşkil olunan İslam Maliyyəsi üzrə 27-ci İDB Qlobal Forumu çərçivəsində deyib.
O qeyd edib ki, Mərkəzi Bank bu şəkildə biz iqtisadi inkişafı dəstəkləyir:
“Son üç ildə bank sektorunda tənzimləyici çərçivəni müasirləşdirmişik. Bu proses yalnız ənənəvi istiqamətləri – məsələn, Bazel standartlarının son versiyalarına keçidi – deyil, həm də bazar davranışı, ESG və digər yeni sahələri əhatə edib.
Kapital bazarlarında da bir sıra qanunvericilik dəyişiklikləri həyata keçirilib. Reytinq agentlikləri, törəmə maliyyə alətləri, vençur kapitalı və kraudfandinq haqqında yeni qanun layihələri hazırlanaraq hökumətə təqdim olunub.
Sığorta sektorunda da tənzimləyici baza yenilənib. Məcburi sığorta məhsulları ilə bağlı qanunvericiliyin əksəriyyəti yenidən işlənib hazırlanıb və bir hissəsi artıq hökumətə təqdim olunub.
Bu islahatların nəticəsi olaraq, son üç ildə depozit bazası iki dəfədən çox artıb. Azərbaycanda ilk dəfə IPO həyata keçirilib və ilk dəyişkən faizli istiqraz buraxılıb”.