BAKI, 17 iyun. TELEQRAF
Azərbaycanda islam maliyyəsinin inkişafı istiqamətində müşahidə olunan müsbət dinamika bizi ruhlandırır.
Teleqraf xəbər verir ki, bu barədə Beynəlxalq İslam Ticarətinin Maliyyələşdirilməsi Korporasiyasının (ITFC) Baş İcraçı direktoru Adeeb Alaama İslam İnkişaf Bankı Qrupunun (IsDB) illik toplantıları çərçivəsində təşkil olunan İslam Maliyyəsi üzrə 27-ci İDB Qlobal Forumu çərçivəsində deyib.
O bildirib ki, bu gün forum çərçivəsində “Azərbaycanda islam maliyyəsinin perspektivləri” hesabatı təqdim olunub və bu, mühüm mərhələdir:
“Sənəd ölkənin islam maliyyəsinə artan marağını, onun iqtisadi artıma, dayanıqlı rifaha və Azərbaycanın qlobal islam maliyyəsi məkanında strateji mövqeyinin gücləndirilməsinə verə biləcəyi töhfəni əks etdirir.
Bu yanaşma IsDB Qrupunun regional inteqrasiyanın gücləndirilməsi, İƏT daxilində əməkdaşlığın dərinləşdirilməsi və Cənub-Cənub iqtisadi əlaqələrinin inkişaf etdirilməsi istiqamətindəki daha geniş məqsədləri ilə tam uyğunluq təşkil edir”.