BAKI, 10 iyun. TELEQRAF
ABŞ Konqresinin Nümayəndələr Palatasının bir qrup üzvü UFO-lar və mümkün yerdənkənar sivilizasiyalarla bağlı məxfi məlumatları açıqlayan şəxslərə hüquqi toxunulmazlıq verilməsi məsələsini qaldırmağa hazırlaşır.
Teleqraf xəbər verir ki, bu barədə Konqresin Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna brifinq zamanı bildirib.
Onun sözlərinə görə, UFO-larla bağlı məlumatların açıqlanması və məlumat verən şəxslərin qorunmasına dair qanunvericilik təşəbbüsləri uzun müddətdir irəli sürülsə də, müxtəlif kəşfiyyat qurumları və bəzi rəsmilər tərəfindən dəfələrlə bloklanıb.
"Biz artıq uzun müddətdir ki, məlumat verən şəxslərin müdafiəsi və UFO-larla bağlı məlumatların açıqlanması ilə əlaqədar qanun layihələrinin qəbuluna çalışırıq. Lakin bu təşəbbüslər müxtəlif kəşfiyyat qurumları və Nümayəndələr Palatasındakı bəzi şəxslər tərəfindən daim əngəllənir", - deyə Luna qeyd edib.
Konqres üzvü vurğulayıb ki, ABŞ Prezidenti Donald Trump administrasiyası bu məsələdə daha konstruktiv mövqe nümayiş etdirir və hökumətdə mövcud olan materialları ictimaiyyətə açıqlamaq niyyətindədir.
Lunanın sözlərinə görə, növbəti mərhələdə qanunvericilər Ağ ev nümayəndələri ilə görüşərək məlumat verən şəxslərə müvəqqəti və ya daimi hüquqi toxunulmazlıq verilməsini istəyəcəklər.
Qeyd edək ki, Donald Tramp fevral ayında ABŞ hökumətinin naməlum uçan obyektlər və ehtimal olunan yerdənkənar həyat formaları ilə bağlı sənədləri dərc etməyə başlayacağını bildirmişdi. O, bu məqsədlə müdafiə naziri Pit Heqsetə və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdiyini açıqlamışdı.