BAKI, 10 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İran ərazisinə endirdiyi son zərbələrə baxmayaraq, Tehranla razılaşmanın əldə oluna biləcəyini düşünür.

Teleqraf xəbər verir ki, o, bu barədə "ABC News" telekanalına müsahibəsində danışıb.

Tramp bildirib ki, sərt cavab tədbirlərinin tərəfdarıdır, lakin bunun diplomatik razılaşma imkanlarını aradan qaldırmadığını hesab edir.

"Mən düşünürəm ki, sərt cavab vermək lazımdır. Həyatım boyu belə hesab etmişəm. Bizim bir razılaşmamız var, o çox yaxşı idi və yəqin ki, yenə də yaxşı olacaq", - deyə ABŞ Prezidenti vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində ABŞ-yə məxsus "Apache" helikopterinin vurulmasından sonra İran ərazisindəki hədəflərə zərbələr endirildiyini açıqlamışdı.