BAKI, 9 iyun. TELEQRAF
ABŞ Silahlı Qüvvələri FAMM proqramı çərçivəsində aşağı büdcəli qanadlı raketlərin kütləvi istehsalına bu ilin sentyabrında başlamağı planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Senatının Təxsisat Komitəsində keçirilən dinləmələrdə Hərbi Hava Qüvvələrinin (HHQ) qərargah rəisi general Kennet Uilsbek bəyan edib.
"FAMM təşəbbüsü çərçivəsində hazırlanan raketlərin bu ilin sentyabr ayında istehsala buraxılması nəzərdə tutulub", - deyə general bildirib.
K.Uilsbek əlavə edib ki, bu addım müasir münaqişələrin təhlilinə əsaslanır: "Təkcə Yaxın Şərqdə deyil, həm də Avropada baş verənləri müşahidə edərək öyrəndiyimiz əsas dərs kütləvi və daha sürətli istehsal qabiliyyətinin yüksək əhəmiyyətidir. Kütləvi istehsal ona görə vacibdir ki, o, rəqibin müdafiə sistemini iflic edir və onu çətin vəziyyətdə qoyur".