BAKI, 7 iyun. TELEQRAF
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, İranın dəniz blokadasının davam etdirilməsi və Livana yeni hücumlar ABŞ və İsrailin regiondakı obyektlərini İran üçün qanuni hədəfə çevirir.
Teleqraf xəbər verir ki, o, bu "X" sosial şəbəkəsində paylaşım edib.
Qalibafın sözlərinə görə, ABŞ-nin İranın dəniz blokadasını davam etdirməsi və İsrailin Livana zərbələr endirməsinə dəstək verməsi regiondakı Amerika və İsrail hərbi bazaları ilə digər aktivlərini legitim hədəfə çevirir.
"İranın dəniz blokadası və ABŞ-nin bu gün sionist rejimə (İsrailə) Livana zərbələr endirmək üçün yaşıl işıq yandırması Amerika və İsrailin regiondakı bazalarını və aktivlərini qanuni hədəfə çevirir", - deyə o vurğulayıb.
İran parlamentinin sədri əlavə edib ki, ABŞ və İsrail öz hərəkətləri ilə yalnız güc dilini anladıqlarını nümayiş etdiriblər.
Qalibafın açıqlaması regionda gərginliyin artdığı və İranla ABŞ arasında münasibətlərin daha da kəskinləşdiyi bir vaxtda səslənib.