BAKI, 27 iyul. TELEQRAF

Əlverişsiz hava şəraiti ilə əlaqədar bu gün Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri üzrə 4 çağırış qeydə alınıb.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, çağırış ünvanlarına təcili tibbi yardım briqadası cəlb olunub.

"Güclü külək nəticəsində 4 nəfər (2 kişi, 2 qadın) xəsarət alıb.

Onlardan 2 nəfər (1 qadın, 1 kişi) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. 1 nəfərin (kişi) müalicəsi KTM-in Neyrocərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.

1 nəfərə isə (qadın) zəruri tibbi xidmətlər göstərilib, vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.

2 nəfər isə Səhiyyə Nazirliyinin tabeliyində olan Elmi-Tədqqiat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub", - məlumatda qeyd olunub.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, güclü küləyin təsiri nəticəsində aşan ağacın altında qalan 27.11.1961-ci il təvəllüdlü qadın və 20.10.1998-ci təvəllüdlü kişi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.

"Aparılan müayinələr nəticəsində qadın pasiyentə sağ mil sümüyünün distal ucunun oynaqdaxili sınığı diaqnozu qoyulub. Həkimlər tərəfindən zəruri tibbi yardım göstərilib və sınıq gips longetlə fiksasiya olunub.

Digər pasiyentə sol pəncənin 3 cü barmağın kəsilmiş yarası diaqnozu müəyyən edilib. Yara 1 cili işlənib və aseptic sarğı qoyulub.

Pasiyentlərin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb. Onlara ev şəraitində müalicə və tibbi nəzarətlə bağlı müvafiq tövsiyələr verilib.

Vətəndaşlara küləkli hava şəraitində iri ağacların, köhnə tikililərin və təhlükə yarada biləcək digər konstruksiyaların yaxınlığında dayanmamaq, zərurət olmadıqda isə açıq havada uzun müddət qalmamaq tövsiyə olunur", - məlumatda qeyd olunub.