BAKI, 27 iyul. TELEQRAF

"Toplum TV" işi üzrə təqsirləndirilən Ələsgər Məmmədli, Akif Qurbanov, Ramil Babayev, Əli Zeynalov, Müşfiq Cabbarov, Fərid İsmayılov, İlkin Əmrahov, Ruslan İzzətli və Elmir Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrlik etdiyi prosesdə hökm elan edilib.

Akif Qurbanov 15 il, Ruslan İzzətli 15 il, Ələsgər Məmmədli 14 il, Əli Zeynalov 14 il, Ramil Babayev 13 il, Müşfiq Cabbarov 13 il, İlkin Əmrahov 13 il, Fərid İsmayılov 12 il, Elmir Abbasov 12 il müddətinə azadlıqdan məhrum ediliblər.

Zamində olan Elmir Abbasov məhkəmə zalında həbs olunub.

Xatırladaq ki, 2024-cü il martın 6-da sosial şəbəkələrdə "Toplum TV"nin ofisində axtarış aparılması və saxlanılanların olması ilə bağlı xəbərlər yayılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, paytaxtın Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat əsasında polis əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər.

İstintaq araşdırması zamanı "Toplum TV"nin təsisçisi Ələsgər Məmmədli, redaktor Müşfiq Cabbarov, “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri Akif Qurbanov, həmin institutun əməkdaşı Əli Zeynalov, "III Respublika" Platformasının qurucu heyət üzvü Ruslan İzzətli, Ramil Babayev, İlkin Əmrahov, Fərid İsmayılov və Elmir Abbasov məsuliyyətə cəlb olunublar.