BAKI, 27 iyul. TELEQRAF
Ukrayna xarici işlər naziri Andrey Sibiqa İranın ölkəsinə qarşı səsləndirdiyi hədələri “əsassız və hüquqi əsasdan məhrum” adlandırıb.
Teleqraf xəbər verir ki, bu barədə o, Ukraynanın Xəzər dənizində İranın hərbi gəmisinə hücumuna Tehranın təpkisini şərh edərkən danışıb.
“Tehranın özünü qurban kimi təqdim etməyə heç bir əsası yoxdur. BMT Nizamnaməsinə gülünc istinadlarla öz hədələrini əsaslandırmağa çalışması da qəbuledilməzdir”, - Sibiqa deyib.
Nazir İranı “Rusiyanın şəriki” adlandıraraq, Tehranı Moskvanın Qara dənizdə mülki gəmilərə qarşı həyata keçirdiyi terrorçu fəaliyyətlərdən diqqəti yayındırmağa cəhd göstərməkdə ittiham edib.
Sibiqa əlavə edib ki, Kiyev Moskvanın mülki gəmilərə qarşı hücumlarına həsr olunmuş BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında beynəlxalq ictimaiyyətin qətiyyətli reaksiya nümayiş etdirəcəyini gözləyir.
Xatırladaq ki, Ukrayna Xəzər dənizində Rusiyaya silah-sursat daşıdığını bildirdiyi İran hərbi gəmisini vurub. Tehran bundan sonra bəyan edib ki, hücum nəticəsində bir dənizçi həlak olub, biri isə yaralanıb. Tehran gəmiyə hücumu “təcavüz aktı” adlandıraraq, buna cavab verəcəyini bəyan edib. Ukrayna Prezidenti Volodimir Zelenski İranın mümkün addımlarına hazır olduqlarını açıqlayıb.