BAKI, 31 may. TELEQRAF

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran istiqamətində hərəkət edən bir gəminin Oman körfəzində zərərsizləşdirildiyini bəyan edib.

Teleqraf xəbər verir ki, Komandanlığın yaydığı açıqlamada bildirilir ki, ABŞ qüvvələri mayın 29-da Oman körfəzində həyata keçirdikləri əməliyyat zamanı İrana qarşı tətbiq edilən blokadanın icrasını təmin edərək İran limanına doğru hərəkət edən Qambiya bayraqlı gəmini sıradan çıxarıblar.

“ABŞ qüvvələri Oman körfəzində blokadanın icrasını təmin edərək İran limanına getməyə çalışan Qambiya bayraqlı gəmini zərərsizləşdirib”, - deyə məlumatda qeyd olunub.

Daha əvvəl Oman sahilləri yaxınlığında bir tankerin atəşə tutulduğu barədə məlumat yayılmışdı.

Məlumatda həmçinin qeyd olunur ki, ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazına nəzarətin ələ keçirilməsinə cəhd ediləcəyi təqdirdə Omana qarşı sərt tədbirlər görüləcəyi ilə bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, son həftələr İran ətrafında yaranmış gərginlik fonunda Hörmüz boğazı və Oman körfəzi bölgəsində hərbi aktivlik əhəmiyyətli dərəcədə artıb.