BAKI, 30 may. TELEQRAF

"Bloomberg" agentliyinin verdiyi məlumata görə, İranın Küveytdəki Əli əl-Salim hava bazasına endirdiyi raket zərbəsi nəticəsində bir neçə amerikalı hərbçi və podratçı yaralanıb.

Teleqraf xəbər verir ki, hadisə Küveytin hava hücumundan müdafiə sistemi "Fateh-110" ballistik raketini ələ keçirdikdən sonra baş verib.

Agentliyin mənbəyinin sözlərinə görə, xəsarətlər yüngül olub və raketin ələ keçirilməsindən sonra düşən mərmilər nəticəsində yaranıb.

Baza ərazisində yerləşən iki "MQ-9" Reaper dronuna da ciddi ziyan dəydiyi bildirilib.

Əli əl-Salim hava bazası bölgədəki Amerika hərbi kontingenti tərəfindən istifadə olunur.

Hadisədən sonra ABŞ prezidenti Donald Tramp milli təhlükəsizlik komandası ilə görüş keçirib və İranın mümkün 60 günlük atəşkəs təklifi ilə bağlı "son qərar" vermək niyyətində olduğunu açıqlayıb.

"Bloomberg"in məlumatına görə, müzakirə olunan təşəbbüs müvəqqəti atəşkəs, İranın nüvə proqramı ilə bağlı danışıqların bərpası və Hörmüz boğazından gəmiçilik də daxil olmaqla məhdudiyyətlərin qismən yumşaldılmasını əhatə edir.