BAKI, 29 may. TELEQRAF

Mayın 29-da Bakıda Qoşa Qala Meydanında “Qarabağ mədəniyyət xəritəsi - Hər rayonun öz səsi” adlı genişmiqyaslı festivalın açılış mərasimi olub.

Teleqraf xəbər verir ki, tədbirdə Qarabağın zəngin mədəniyyəti, tarixi geyimləri və bu bölgənin müxtəlif rayonlarının milli mətbəx nümunələri nümayiş etdirilib.

Festival Mədəniyyət Nazirliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Qeyd – Sosial Maarifləndirmə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Tədbirdə çıxış edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud Qarabağın Azərbaycanın milli yaddaşında xüsusi yer tutduğunu vurğulayaraq, bu cür festivalların mədəni irsin qorunması və onun gələcək nəsillərə ötürülməsi baxımından vacibliyini qeyd edib.

Tədbir çərçivəsində Qarabağ sərgisi, canlı musiqi proqramları, ənənəvi sənət nümunələri, milli mətbəx təqdimatları və ustad dərsləri təşkil olunub.

Qeyd edək ki, festival bədii proqram və konsert çıxışları ilə davam edib.