BAKI, 29 may. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp mayın 29-da İranla əvvəlcədən razılaşdırılmış sazişin təsdiqlənməsi barədə yekun qərar verməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, Ağ Evin rəhbəri bunu "Truth Social" sosial şəbəkə hesabında yazıb.
"İndi mən yekun qərar qəbul etmək üçün (Ağ Evin) Situasiya Otağında iclas keçirməyə hazırlaşıram. İranla anlaşmanın müddəalarının əhəmiyyətli hissəsi artıq razılaşdırılıb. Sazişin şərtlərinə əsasən, İslam Respublikası nüvə silahına sahib olmaqdan müddətsiz imtina etməlidir" - Tramp bildirib.
Trampın sözlərinə görə, İranla potensial saziş Hörmüz boğazının dərhal açılmasını nəzərdə tutur. Bu zaman tranzit üçün heç bir ödəniş tutulmayacaq.
"Hörmüz boğazı dərhal açılmalıdır, gəmilərin hər iki istiqamətdə sərbəst keçidi üçün heç bir ödəniş olmadan", - Tramp dəqiqləşdirib. Saziş həmçinin dəniz blokadasının aradan qaldırılmasını və Hörmüz boğazının minalardan təmizlənməsini nəzərdə tutur.