BAKI, 17 may. TELEQRAF

İran parlamentinin milli təhlükəsizlik komitəsinin üzvü İsmayıl Kösəri ABŞ və İsrailin İranla 40 günlük müharibə zamanı istifadə etdikləri raket və bombaların ehtiyatını bərpa etməkdə çətinlik çəkəcəyini bildirib.

Teleqraf xəbər verir ki, o, İranın bu itkiləri asanlıqla kompensasiya edə biləcəyini deyib.

“Düşmən bu 40 gün ərzində bacardığı hər şeyi etdi. Onların itirdikləri bomba və raketləri bərpa etməsi asan olmayacaq. Biz isə bunu rahatlıqla edə bilərik”, - Kösəri bildirib.

İran rəsmisi vurğulayıb ki, Tehranın rəqibləri ölkənin hansı imkanlara sahib olduğunu bilmirlər.

“Düşmənlər bomba ata və raket buraxa bilər, amma İran xalqı istənilən təhlükəyə qarşı dayanmağa hazırdır. Biz hələ yeni başlamışıq və düşmən etdiklərinə görə peşman olacaq”, - o əlavə edib.

Bundan əvvəl CNN telekanalı Harvard Kennedi Məktəbinin eksperti Linda Bilmsə istinadla yaydığı məlumatda ABŞ-ın İranla münaqişəsinin ümumi xərcinin 1 trilyon dollara çata biləcəyini bildirib.

Məlumata görə, xüsusilə yüksək dəqiqlikli silah ehtiyatlarının bərpası ABŞ üçün uzun illər tələb edə bilər. Pentaqon isə əməliyyatların indiyədək ABŞ-a təxminən 29 milyard dollara başa gəldiyini açıqlayıb.