BAKI, 15 may. TELEQRAF
Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən BRICS xarici işlər nazirlərinin toplantısında İran və Birləşmiş Ərəb Əmirlikləri nümayəndələri arasında gərginlik yaranıb.
Teleqraf xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi BƏƏ-ni ölkəsinə qarşı həyata keçirilən hərbi əməliyyatlarda birbaşa iştirakda ittiham edib.
İran dövlət mediasının məlumatına görə, Əraqçi çıxışı zamanı BRICS daxilində birliyin qorunması naminə BƏƏ-nin adını çəkmədiyini, lakin həqiqətdə Əmirliklərin İrana qarşı hücumlarda iştirak etdiyini bildirib.
“İrana qarşı hücumlar başlayanda onlar bunu belə pisləmədilər”, - Abbas Əraqçi qeyd edib.
İranlı nazir həmçinin bildirib ki, ABŞ hərbi bazaları və İsraillə ittifaq BƏƏ-yə təhlükəsizlik təmin etmir və Əmirliklər Tehranla bağlı siyasətini yenidən nəzərdən keçirməlidir.
“Biz sülh içində yanaşı yaşamalıyıq və bunun üçün iki ölkə arasında tam anlaşma lazımdır”, - o vurğulayıb.
Məlumata görə, İran mediası BRICS toplantısının yekun bəyannaməsinin qəbulunun da sual altında qaldığını yazıb. İran xarici işlər nazirinin müavini Kazem Qəribabadinin sözlərinə görə, BƏƏ-nin mövqeyi səbəbindən danışıqlarda problemlər yaranıb.
Qeyd edək ki, daha əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu İranla müharibə dövründə BƏƏ-yə səfər etdiyini açıqlamış, Əmirliklər isə bu məlumatı təkzib etmişdi.