BAKI, 12 aprel. TELEQRAF
Londonda qadağan olunmuş “Palestine Action” hərəkatına dəstək aksiyası zamanı 200-dən çox etirazçı saxlanılıb, onlar arasında məşhur musiqiçi də var.
Teleqraf xəbər verir ki, bu barədə "Scotland Yard" məlumat yayıb.
Məlumata görə, Londonun mərkəzində keçirilən aksiyada saxlanılanların sayı 212 nəfərə çatıb. Etiraz aksiyası "Trafalgar Square" meydanında baş tutub və artıq başa çatıb. Bununla belə, statistikanın gecikməsi səbəbindən saxlanılanların sayının arta biləcəyi istisna olunmur.
"Sky News" telekanalının məlumatına görə, saxlanılanlar arasında məşhur britaniyalı musiqi qrupu "Massive Attack"ın qurucularından və üzvlərindən biri Robert Del Naja da olub. O və digər etirazçılar “Mən soyqırımın əleyhinəyəm. Mən "Palestine Action"u dəstəkləyirəm” yazılmış plakatlar qaldırıblar. Qeyd olunur ki, təşkilatın qadağan olunmuş statusu bu cür aksiyalarda iştirak edənlərin saxlanılmasına əsas verir.