BAKI, 30 sentyabr. TELEQRAF
Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib.
Bu barədə Teleqraf-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində sentyabrın 30-da Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi, tərkibinə Azərbaycan Respublikasının hərbi prokuroru-baş prokurorun müavini Bəhruz Əhmədovun da daxil olduğu nümayəndə heyəti Kazan şəhərində MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının (BPƏŞ) 36-cı iclasında iştirak edib. İclas çərçivəsində MDB məkanında prokurorluq orqanları arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi, cinayətkarlıqla mübarizə, qanunçuluğun və hüquq qaydasının təmin olunması, habelə beynəlxalq hüquqi əməkdaşlığın aktual məsələləri müzakirə edilib.
İclasda Kamran Əliyev “Xaricdən aktivlərin qaytarılması sahəsində müasir çağırışlar və yeni həllər” mövzusunda çıxış edərək, cinayət yolu ilə əldə edilmiş aktivlərin xarici yurisdiksiyalardan qaytarılması sahəsində mövcud çağırışlar, bu istiqamətdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi və praktiki mexanizmlərin təkmilləşdirilməsinin əhəmiyyəti barədə fikirlərini bölüşüb.
Səfər çərçivəsində Baş prokuror Kamran Əliyevlə Rusiya Federasiyasının Baş prokuroru Aleksandr Qutsan arasında ikitərəfli görüş keçirilib.
Səmimi qəbula və Azərbaycan nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən Kamran Əliyev Azərbaycan ilə Rusiya arasında dostluq, qarşılıqlı anlaşma və etimada əsaslanan münasibətlərə ölkəmizdə yüksək önəm verildiyini qeyd edib. Dövlətlərarası münasibətlərin inkişafında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təmaslarının mühüm rol oynadığı vurğulanıb.
Həmçinin qeyd edilib ki, hər iki ölkənin prokurorluq orqanları arasında səmərəli əməkdaşlıq əlaqələri mövcuddur. Görüş çərçivəsində konkret cinayət işləri üzrə hüquqi yardım məsələləri müzakirə edilib.
Yekunda Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Rusiya Federasiyasının Baş Prokurorluğu arasında 2027–2028-ci illər üçün Əməkdaşlıq Proqramı imzalanıb. Sənədin iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı fəaliyyətin daha da möhkəmləndirilməsinə, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə praktiki əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.
Səfər çərçivəsində Baş prokuror Kamran Əliyev, həmçinin Laos Xalq Demokratik Respublikasının Baş prokuroru xanım Livonq Laoli ilə görüşüb. Görüş zamanı iki ölkənin prokurorluq orqanları arasında ötən ilə imzalanmış Əməkdaşlıq Memorandumu əsasında hüquqi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər arasında prokurorluq orqanlarının qarşılıqlı faydalı əməkdaşlığın hüquqi bazasının genişləndirilməsi barədə razılıq əldə olunub.
Tədbir çərçivəsində, həmçinin MDB-yə üzv dövlətlərin və Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin baş hərbi prokurorlarının dəyirmi masası keçirilib, bu sahədə əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib. Bəhruz Əhmədovla dəyirmi masaya qatılan Rusiya Federasiyasının və Çin Xalq Respublikasının hərbi prokurorları arasında ikitərəfli görüşlər keçirilərək qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Nümayəndə heyətinin səfəri davam edir.