BAKI, 7 aprel. TELEQRAF
Yer kürəsinin əhalisinin sayı planetin dayanıqlılığı üçün icazə verilən səviyyəni artıq keçib.
Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Environmental Research Letters” (ERL) jurnalı məlumat yayıb.
Tədqiqat müəllifləri demoqrafik meyilləri və enerji, su, faydalı qazıntılar və digər resurslara olan mövcud tələbatı nəzərə alaraq bəşəriyyətin davamlılığı ilə bağlı proqnozlar veriblər.
Elm adamlarının sözlərinə görə, XXI əsrin sonuna doğru əhalinin sayı pik həddə çataraq 11-12 milyardı keçə bilər. Halbuki qlobal istiləşmə təhlükəsi və ekosistemlərin fəlakətli deqradasiyasını azaltmaq üçün optimal səviyyə 2,5 milyard insan hesab olunur.
Tədqiqatçılara görə, tarixdə dönüş nöqtəsi XX əsrin ortaları olub. Müharibədən sonrakı dövr əhalinin sürətli artımı və planetin resurslarının daha sürətlə istismarına imkan verən yeni üsulların yaranması ilə müşayiət olunub. Alimlər əlavə ediblər ki, bu proses Yer kürəsinin flora və faunasına həddindən artıq təzyiq göstərir.