BAKI, 21 noyabr. TELEQRAF

Noyabrın 21-də Fransada bahalaşmaya qarşı keçirilən nümayişlərdə 82 500 nəfər iştirak edib.

Teleqraf xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti Fransa Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Ən böyük etiraz Parisdə keçirilib. 21.500 nəfər Respublika Meydanından Nation Meydanına yürüş edib. Yürüş başa çatdıqdan sonra qalxan və dəyənəklərlə silahlanmış polis əməkdaşları qalan nümayişçiləri təyin olunmuş küçələrə və metro stansiyasına doğru itələməyə başlayıb. İzdihamı dağıdarkən başlayan qarşıdurmalar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları gözyaşardıcı qazdan istifadə edib.

Bu arada, etiraz çağırışını yayan Union Tudiante tələbə qrupu bu şənbə günü Fransa şəhərlərinin küçələrində 150.000 nümayişçinin olduğunu bildirib. Parisdə isə 45.000 insanın etiraz etdiyi təxmin edilib.

Ötən şənbə günü Fransa Daxili İşlər Nazirliyi ölkə üzrə nümayişlərdə 106.000 iştirakçının olduğunu, təşkilatçıların isə 200.000 etirazçının olduğunu bildirib. Bir həftə əvvəl, 6 noyabrda nazirlik Fransadakı etirazlarda 575.000 insanın, CGT həmkarlar ittifaqının isə 1,6 milyon insanın iştirak etdiyini qeyd edib.

Sentyabrın sonlarından bəri Fransada kütləvi etirazlar keçirilir. Şagirdlər məktəblərdəki şəraitdən, ağır dərs cədvəllərindən və müəyyən fənlər üzrə müəllim çatışmazlığından narazılıqlarını bildiriblər.