"Titanik"in batması nəticəsində həlak olan Meri Manqanın cib saatı 200.000 funt sterlinqə (260.000 dollar) hərraca çıxarılıb.

Teleqraf xəbər verir ki, bu barədə Britaniyanın "Henry Aldridge & Son" hərrac evi məlumat yayıb.

Manqan İrlandiyanın Kvinstaun şəhərində (indiki Kobh) "Titanik" gəmisinə minib. O, İrlandiyadakı ailəsini ziyarət etdikdən sonra ABŞ-a qayıdırdı. Onun 32 yaşı var idi. Manqanın cəsədi "Mackay-Bennett" gəmisi tərəfindən tapılıb.

"Titanik"in uruqvaylı sərnişini Ramon Qomezin məktubu hərracda 65.000 funt sterlinqə (85.000 dollar) satılıb. İspan dilində əlyazma ilə yazılmış məktubda onun gəmidəki həyatı ətraflı təsvir olunub. Məktub Qomezin paltosunun cibindən tapılıb. Fəlakət zamanı Qomezin 71 yaşı var idi. Məktub qardaşı Adolfo üçün nəzərdə tutulmuşdu. Qomez Fransanın Şerburq şəhərində Titanik gəmisinə minib. O, ehtimal ki, məktubu Kvinstaunda dayanacaq zamanı poçtla göndərməyi planlaşdırırdı, lakin baş vermiş faciəvi qəza buna imkan vermədi.

Sərnişinlər Elizabet Braun və qızı Editə məxsus dua kitabı 29.000 funt sterlinqə (38.000 dollar) hərraca çıxarılıb. Onları "Karpatiya" sərnişin gəmisi xilas edib, onların əri və atası Tomas Braun isə fəlakət zamanı həlak olub.

Titanik ilk və son səyahətinə 10 aprel 1912-ci ildə İngiltərənin Sauthempton şəhərindən yola düşüb. 15 aprel gecəsi Şimali Atlantikada aysberqə çırpılıb və iki saat 40 dəqiqə sonra batıb. Nəticədə təxminən 1500 nəfər həlak olub, 712 sərnişin xilas edilib. Faciənin baş verdiyi yerə ilk çatan "Karpatiya" paroxodu olub.