BAKI, 21 noyabr. TELEQRAF

Hindistanın şimal-şərqindəki Manipur ştatında ehtimal olunan saxta spirtli içkinin qəbul edilməsindən sonra 11 nəfər həyatını itirib.

Teleqraf xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb. Cümə günü verilən məlumata əsasən, zəhərli içkidən istifadə etdiyi ehtimal olunan 180-dən çox sakin Manipur xəstəxanalarına yerləşdirilib.

Yerli medianın məlumatına görə, rəsmilər son bir həftə ərzində Manipurun Suqnu şəhərindən alınmış spirtli içkini qəbul edən sakinləri tibbi müayinədən keçməyə çağırıblar. Polis komissarının müavini isə əhaliyə mənşəyi məlum olmayan spirtli içkilərdən istifadə etməməyi tövsiyə edib.