Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın İstanbulda Fələstin HƏMAS hərəkatının Siyasi Büro rəhbəri Xəlil əl-Hayanın rəhbərlik etdiyi yüksək vəzifəli nümayəndə heyəti ilə görüşüb.
Teleqraf xəbər verir ki, tərəflər Qəzza zolağında atəşkəsin pozulması, İsrailin hücumları və pisləşən humanitar vəziyyət müzakirə ediblər.
Görüşdə İsrailin Qəzza zolağına və Qərb sahilinə tez-tez hücumları, eləcə də Qüdsdəki Əl-Əqsa məscidinə qarşı törədilən qanun pozuntuları müzakirə olunub. İsrail ordusunun sözdə "Sarı Xətt"dən kənarda yeni hərbi əməliyyatlarından narahatlıq ifadə olunub.
İsrailli köçkünlərin fələstinlilərə qarşı hücumlarına və Fələstin əhalisini evlərini tərk etməyə məcbur etmək cəhdlərinə xüsusi diqqət yetirilib. Tərəflər həmçinin İsrailin hərəkətləri səbəbindən icrası dayandırılan sülh planı ilə bağlı vəziyyəti və Qəzzada atəşkəs rejiminin qorunmasını təmin etmək üçün mümkün addımları müzakirə ediblər.
Qışın yaxınlaşması ilə əlaqədar Qəzza zolağında humanitar vəziyyətin pisləşməsi də danışıqların mövzularından biri olub.
Kalın Türkiyənin Fələstin və Fələstin xalqına dəstəyini bir daha təsdiqləyib. O, həmçinin vurğulatıb ki, Ankara Qəzza zolağına humanitar yardım çatdırmaq üçün digər vasitəçilər və tərəfdaşlarla işləməyə davam edir.