BAKI, 16 mart. TELEQRAF
Fransanın Viodos-Abans-de-Bas kommunasının meri Kristian Bersait bələdiyyə seçkilərinin birinci turunda məğlub olduqdan sonra ölü tapılıb.
Teleqraf xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti məlumat yayıb.
Məqalədə qeyd olunur ki, təxminən 750 nəfərin yaşadığı Viodos Abans de Bas-da bələdiyyə seçkilərinin birinci turu 15 martda keçirilib. Seçicilərin yarıdan çoxu - 55,5%-i - Bersaitin rəqibini dəstəkləyib. Bundan xəbər tutan mer yerli seçki komissiyasından istefa verib və zənglərə cavab verməyib. Qohumları onun evində saxlanılan pnevmatik tüfəngin itdiyini aşkar etdikdən sonra hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıblar.
Ertəsi gün Bersaitin cəsədi kommuna yaxınlığındakı meşəlik ərazidə tapılıb. Pau şəhər prokurorluğu merin özünü öldürdüyünü ehtimal edir.