BAKI, 15 mart. TELEQRAF

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus İsrailin zərbələri nəticəsində Livanın cənubunda 14 tibb işçisinin həlak olmasını pisləyib.

Teleqraf xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.

“Son 24 saat ərzində Livanın cənubunda 14 tibb işçisinin öldürülməsi Yaxın Şərqdə dərinləşən böhranın faciəvi dönüşüdür. ÜST bu faciəvi ölümləri pisləyir və vurğulayır ki, tibb işçiləri həmişə qorunmalıdır”, – deyə Qebreyesus bildirib.

Onun sözlərinə görə, təşkilat təsdiqləyib ki, ötən axşam Burc-Kalava yaşayış məntəqəsində yerləşən ilkin tibbi yardım mərkəzinə endirilən zərbə nəticəsində 12 həkim, feldşer və tibb bacısı həlak olub. Bundan bir neçə saat əvvəl isə Əs-Suvan bölgəsində tibbi müəssisəyə edilən hücum nəticəsində daha iki feldşer ölüb.

ÜST rəhbəri əlavə edib ki, martın 2-dən bəri Livanda tibb müəssisələrinə qarşı 27 hücum qeydə alınıb. Bu hücumlar nəticəsində 30 nəfər həlak olub, 35 nəfər yaralanıb.