BAKI, 30 aprel. TELEQRAF

Londonun şimalında yəhudi icmasının yaşadığı ərazidə baş verən bıçaqlı hücum terror aktı kimi qiymətləndirilib.

Teleqraf xəbər verir ki, hücumu Böyük Britaniya vətəndaşı, Somalidə anadan olmuş 45 yaşlı şəxs törədib. Scotland Yard onun qəsdən adam öldürməyə cəhddə şübhəli bilinərək saxlanıldığını açıqlayıb.

Hadisə nəticəsində 34 və 76 yaşlı iki nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin stabil olduğu bildirilir.

Polisin məlumatına görə, şübhəli şəxs aprelin 29-da səhər saatlarında əvvəlcə Londonun cənub-şərqində bir nəfərlə mübahisə edib və nəticədə həmin şəxs yüngül xəsarət alıb. Daha sonra o, şəhərin şimalında yerləşən Golders-Qrin ərazisinə gələrək insanlara hücum edib.

Hüquq-mühafizə orqanları hücumçunu elektroşok cihazlarından istifadə etməklə zərərsizləşdirərək saxlayıb. O, əvvəlcə xəstəxanaya aparılsa da, sonradan polis bölməsinə köçürülərək nəzarət altına alınıb.

Bildirilib ki, saxlanılan şəxs əvvəllər də zorakılıq halları və psixoloji problemlərlə bağlı polisə məlum olub.

Məlumata görə, “Ashab əl-Yəmin” adlı qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürsə də, istintaq bu iddianın həqiqiliyini araşdırır və təşkilatın hadisə ilə əlaqəsinin olub-olmadığını istisna etmir.