BAKI, 23 fevral. TELEQRAF
2022-ci ildə telefon danışığı zamanı Belarus Prezidenti Aleksandr Lukaşenko məndən üzr istədi, bunun şahidləri də var.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Belarusun "Zerkalo" nəşrinə verdiyi müsahibədə bildirib.
Zelenski iddia edir ki, söhbət zamanı Lukaşenko üzr istəyib və Ukraynaya Qomel bölgəsindəki Mozır Neft Emalı Zavodunu vurmağı təklif edib.
“O, üzr istədi və bizim zərbə endirəcəyimizdən çox qorxdu. Özü də dedi ki, davam edin, zavoda cavab zərbəsi endirin”, - deyə Zelenski bildirib.
Zelenski bu söhbətin təfərrüatını ilk dəfə ötən ilin yanvar ayında Leks Fridmanla podkastda açıqlamışdı. Ukrayna liderinin sözlərinə görə, Lukaşenko 2022-ci ilin fevral ayında telefon danışığında Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı ilə heç bir əlaqəsi olmadığını iddia etmiş və baş verənlərə görə üzr istəmişdi.
Daha sonra Belarus Prezidentinin mətbuat katibi Natalya Eismont Zelenskinin Lukaşenkonun üzr istəməsi iddiasını təkzib edib.