BAKI, 23 fevral. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp bildirib ki, o, silahlıların hədəfinə çevrilməmək üçün daha az əhəmiyyətli siyasi fiqur olmaq istəyir.
Teleqraf xəbər verir ki, bunu Amerika lideri bu gün çıxışında qeyd edib.
"Yəqin ki, dəli atıcılar haqqında oxumusunuz. Onlar yalnız böyük prezidentlərin arxasınca düşürlər. Onlar kiçik prezidentlərin arxasınca düşmürlər, bilirsinizmi?", - deyə Tramp qeyd edib.
O, ABŞ-nin 16-cı prezidenti Avraam Linkoln və onun kimi güllələnən 35-ci Amerika lideri Con Kennedinin taleyini xatırladıb.
Trampın sözlərinə görə, onlar böyük siyasətçilər idilər və ölkə üçün çox vacib işlər görürdülər.
"Mənə deyilib ki, onlar yalnız vacib olanların ardınca gedirlər. Ona görə də bəlkə də bir az daha az vacib olmaq istəyirəm. Biz işləri bir az yavaşlada bilərik. Biz bunu yavaş və sabit şəkildə edə bilərik. Bir müddət normal prezident olum", - deyə Tramp bildirib.
Fevralın 22-də ABŞ Məxfi Xidmətinin sözçüsü Entoni Quqlielmi silahlı bir şəxsin Donald Trampın iqamətgahı olan Floridadakı Mar-a-Laqo kompleksinə girdiyini bildirib. Kişinin üzərində ov tüfəngi və benzin qutusu olub. Məxfi Xidmət agentləri kişini iqamətgahın şimal qapısında görüb ona atəş açaraq planını həyata keçirməsinə mane olublar.