BAKI, 23 fevral. TELEQRAF

Sağ-populist Reform UK partiyası seçkilərdə qalib gələcəyi təqdirdə Böyük Britaniyada ABŞ-nin İmmiqrasiya və Gömrük Xidməti (ICE) modelinə bənzər qurum yaratmağı və hər il 288 min nəfərin deportasiyasını həyata keçirməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə “The Guardian” nəşri partiya sədri Ziya Yusifin fevralın 23-də səsləndirəcəyi çıxışın mətnindən sitatlara əsasən yazıb. Çıxışda deyilir ki, Reform UK sərhədlərin təhlükəsizliyini təmin edəcək, Avropa İnsan Hüquqları Məhkəməsindən çıxacaq və ölkədə qanunsuz yaşayanları deportasiya edəcək. Yusif britaniyalılara müraciətində sərhədləri qoruyacağını və insanların özlərini təhlükəsiz hiss etmələrini təmin edəcəyini bildirib.

Nəşrin yazdığına görə, yaradılması planlaşdırılan qurum “Britaniya Deportasiya Komandanlığı” adlanacaq. Bu strukturun eyni vaxtda 24 min miqrantı saxlayacaq imkanlara malik olacağı və gündə beş reysə qədər uçuş təşkil etməklə ildə 288 min nəfərin ölkədən çıxarılacağı nəzərdə tutulur.

“The Guardian” qeyd edir ki, Yusif həmçinin “islamçı ekstremizmə sıfır tolerantlıq siyasəti” tətbiq edəcəyini vəd edəcək.

Məlumata görə, Reform UK hazırda ictimai rəy sorğularında həm hakim Leyborist, həm də müxalif Mühafizəkar partiyanı qabaqlayır. Son sorğular göstərir ki, parlament seçkiləri indi keçirilsə, partiya lideri Naycel Farajın baş nazir olmaq şansı ən yüksək olar.