MİNGƏÇEVİR, 23 fevral. TELEQRAF
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası həyat yoldaşı tərəfindən bıçaqlandığı bildirilən 23 yaşlı Təranə Kərimovanın son durumu ilə bağlı məlumat yayıb.
Teleqraf xəbər verir ki, məlumatda bildirilir:
"23.02.2026-cı il tarixində saat 17:00 radələrində Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 2003-cü il təvəllüdlü şəxs (qadın) hospitalizasiya olunub. Pasiyentə döş qəfəsinin sol yarısında çoxsaylı kəsilmiş yaralar və pnevmotoraks diaqnozu təyin olunub. Zəruri tibbi xidmətlər göstərilən pasiyentin müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir".
***
18:22
Mingəçevirdə ər arvadını bıçaqlayıb.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Dilarə Əliyeva küçəsində yerləşən binanın mənzillərindən birində baş verib.
Şəhər sakini, 26 yaşlı Emin Kərimov aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı, 23 yaşlı Təranə Kərimovaya yaşadıqları ünvanda kəsici alətlə xəsarətlər yetirib. Qadın təcili xəstəxanaya çatdırılaraq ora yerləşdirilib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Faktla bağlı istintaq araşdırmaları aparılır.