BAKI, 24 fevral. TELEQRAF

İran ABŞ ilə ölkənin atom enerjisindən dinc məqsədlərlə istifadə hüququnun tanınmasını nəzərdə tutan razılaşmanın bağlanmasına hazır olduğunu bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai açıqlama verib.

Onun sözlərinə görə, mümkün razılaşma sanksiyalar səbəbindən iranlıların pozulmuş hüquqlarını bərpa etməlidir və bu, Tehranın əsas tələbi olaraq qalır. Diplomat vurğulayıb ki, nüvə sahəsində də İranın hüquqları tanınmalıdır.

İsmayıl Bəqai qeyd edib ki, İranın atom enerjisindən dinc məqsədlərlə istifadə hüququna hörmət bu sahədə istənilən razılaşmanın ayrılmaz hissəsi olmalıdır. O əlavə edib ki, İslam Respublikası nüvə proqramının qeyri-hərbi xarakterinin qorunacağına dair zəmanət verməyə hazırdır.

Xatırladaq ki, fevralın 17-də Cenevrədə Omanın vasitəçiliyi ilə ABŞ və İran arasında nüvə dosyesi üzrə danışıqların ikinci raundu keçirilib. İran XİN tərəflər arasında gələcək razılaşma layihəsinə daxil edilə biləcək bir sıra məsələlər üzrə qarşılıqlı anlaşmanın əldə olunduğunu bildirib. Vaşinqton isə məsləhətləşmələrin yaxşı keçdiyini bəyan etsə də, Tehranın Ağ evdə səsləndirilən bəzi mövqeləri hələlik qəbul etmədiyini qeyd edib.

ABŞ və İsrail daha əvvəl İranın təkcə nüvə proqramının inkişafından deyil, həm də ballistik raketlərin istehsalından və Yaxın Şərqdə proiran qüvvələrinə dəstəkdən imtina etməsində israr ediblər.

"Reuters" agentliyinin məlumatına görə, ABŞ və İran nümayəndə heyətləri arasında növbəti görüş fevralın 26-da Cenevrədə keçiriləcək.