BAKI, 24 fevral. TELEQRAF
ABŞ-nin Parisdəki səfiri Çarlz Kuşner Fransanın Xarici İşlər Nazirliyinə çağırışı nəzərə almayıb.
Teleqraf xəbər verir ki, bu barədə AFP agentliyi Fransa XİN-ə istinadla məlumat yayıb.
Məlumata görə, Fransanın xarici işlər naziri Jan-Noel Barro bununla əlaqədar olaraq səfir üçün respublika hökumətinin üzvləri ilə birbaşa təmaslara məhdudiyyət tətbiq etməyi planlaşdırır. Agentliyin yaydığı açıqlamada bildirilir ki, amerikalı səfir nazirliyə gəlməyib və bu, diplomatlara qoyulan əsas tələblərin açıq şəkildə anlaşılmaması kimi qiymətləndirilib. Bununla əlaqədar nazir Barro Kuşnerin Fransa hökumətinin üzvləri ilə birbaşa əlaqəsinin kəsilməsini tələb edib.
Eyni zamanda, Orse sahilində yerləşən XİN-də bildirilib ki, Kuşner öz vəzifə səlahiyyətlərini icra etməyə davam edə bilər. O cümlədən, diplomatik danışıqlar aparmaq və ölkələr arasında münasibətlərdə yaranmış gərginliyi aradan qaldırmaq üçün nazirliyə gələ bilər.
AFP-nin məlumatına görə, səfir əvəzinə XİN-ə səfirliyin əməkdaşlarından biri gəlib və Kuşnerin yoxluğunu “şəxsi səbəblərlə” izah edib. Agentlik bildirir ki, hazırda səfir şəhərdən kənardadır və onu müvəqqəti işlər vəkili əvəz edir.
Qeyd edək ki, bundan əvvəl ABŞ-nin Fransadakı səfirliyi "X "sosial şəbəkəsində Dövlət Departamentinin sağçı fəal Kanten Deranın ölümü ilə bağlı araşdırma aparılmasına çağıran bəyanatını yayımlayıb. Gənc fevralın 14-də Lionda universitet yaxınlığında solçu antifəşistlər qrupu ilə toqquşmadan iki gün sonra həyatını itirib. Bundan sonra Jan-Noel Barro Kuşneri XİN-ə çağırmaq niyyətində olduğunu bildirib və hadisənin Fransanın daxili işi olduğunu vurğulayaraq bu faciənin siyasi məqsədlərlə istifadə edilməsinə qarşı çıxıb.