BAKI, 23 fevral. TELEQRAF

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Epşteynin fayllarının illər boyu Rusiyaya qarşı miflər uyduran dəhşətli nəcasəti üzə çıxardığını bildirib.

Teleqraf TASS-a istinadən xəbər verilir ki, diplomat bunu müsahibəsində deyib. Onun sözlərinə görə, Rusiyaya qarşı əsassız ittihamlar əsl cinayətlərdən diqqəti yayındırmaq məqsədi daşıyırdı.

Diplomat vurğulayıb ki, Epşteynin faylları açıldıqdan sonra Qərb cəmiyyətinin içində real cinayətkarların – korrupsiya, insan alveri, məcburi fahişəlik, azyaşlılara qarşı cinayətlər kimi ağır hüquq pozuntularına yol verən şəbəkələrin mövcud olduğu üzə çıxıb. Onun sözlərinə görə, elitalar, hakimiyyət və maliyyə dairələri arasında sövdələşmələr də bu materiallarda öz əksini tapıb.

Zaxarova qeyd edib ki, illər boyu Rusiyanın guya təhdid yaratması barədə miflər məhz bu cür cinayətlərin üstünü örtmək üçün tirajlanıb. O, sual edib ki, bu müddətdə Qərbin hüquq-mühafizə orqanları, ictimai fəalları, insan haqları təşkilatları və jurnalistləri harada idi.

Diplomat əlavə edib ki, bu açıqlamalar ona xüsusi bir məmnunluq vermir, lakin Rusiyanın illərdir dediklərinin doğru olduğunun təsdiqi kimi qəbul edilə bilər. Onun sözlərinə görə, Rusiyaya qarşı qurulan saxta gündəmlər və yalan ittihamlar məhz bu “nəcasəti” gizlətmək üçün istifadə olunub.