BAKI, 23 fevral. TELEQRAF

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ tərəfindən mümkün hücum olacağı təqdirdə Tehranın ədalətli və legitim cavab verəcəyini bildirib.

Teleqraf xəbər verir ki, "CBS News" telekanalına müsahibəsində o vurğulayıb ki, Vaşinqtonun mümkün zərbəsi təcavüz aktı olacaq və İranın cavabı özünümüdafiə xarakteri daşıyacaq.

“Əgər ABŞ bizə hücum edərsə, özümüzü müdafiə etmək üçün tam hüququmuz olacaq”, - deyə nazir qeyd edib.

Əraqçinin sözlərinə görə, İran raketləri ABŞ ərazisini vura biləcək imkanlara malik deyil, buna görə də mümkün cavab regiondakı Amerika hərbi bazalarına yönələ bilər.

Eyni zamanda o bildirib ki, diplomat kimi hərbi planları müzakirə etmək niyyətində deyil və diqqətin diplomatik yolla nizamlanmaya yönəldilməsinə çağırıb.

Xatırladaq ki, daha əvvəl Omanın xarici işlər naziri Bədr əl-Busaidi İran və ABŞ arasında danışıqların fevralın 26-da Cenevrədə keçiriləcəyini açıqlamışdı.