BAKI, 23 fevral. TELEQRAF

Avropa Komissiyası ABŞ Ali Məhkəməsinin qərarından sonra Vaşinqtonun tarifləri artırmasını qəbul etməyəcəyini və ötən il əldə olunmuş Aİ-ABŞ ticarət sazişinin şərtlərinə əməl olunmasını tələb edib.

Teleqraf "Reuters"ə istinadən xəbər verir ki, Komissiya ABŞ-nin atacağı addımlarla bağlı “tam aydınlıq” təqdim etməli olduğunu bəyan edib.

Qeyd olunur ki, Ali Məhkəmə cümə günü Donald Trampın qlobal tariflərini ləğv etdikdən sonra ABŞ Prezidenti müvəqqəti olaraq bütün idxala 10 faiz rüsum tətbiq edəcəyini elan edib, bir gün sonra isə bu göstəricini 15 faizə qaldırıb.

Avropa Komissiyası bildirib ki, mövcud vəziyyət tərəflərin ötən il razılaşdığı ədalətli, balanslı və qarşılıqlı faydalı transatlantik ticarət və investisiya mühitinə uyğun deyil. Komissiyanın açıqlamasında “saziş sazişdir” ifadəsi xüsusi vurğulanıb.

Bu bəyanat Komissiyanın cümə günü verdiyi ilkin, daha yumşaq mövqedən xeyli sərt olub. Həmin vaxt qurum yalnız Ali Məhkəmənin qərarını araşdırdığını və ABŞ administrasiyası ilə əlaqədə qaldığını bildirmişdi.

Xatırladaq ki, ötən il bağlanmış ticarət sazişinə əsasən, polad kimi bəzi sektorlar istisna olmaqla, Aİ mallarının əksəriyyəti üçün ABŞ-də 15 faiz tarif dərəcəsi müəyyən edilib. Eyni zamanda, təyyarələr və ehtiyat hissələri kimi bəzi məhsullar üçün rüsumlar sıfıra endirilib. Aİ də ABŞ-dən idxal olunan bir çox mallara rüsumları ləğv edib və cavab tədbirləri ilə bağlı təhdidlərini geri götürüb.

Avropa Komissiyası vurğulayıb ki, xüsusilə Aİ məhsulları əvvəlcədən razılaşdırılmış açıq və hərtərəfli yuxarı hədddən kənara çıxmadan ən əlverişli rejimdən faydalanmağa davam etməlidir. Qurumun fikrincə, gözlənilməz tariflər qlobal bazarlarda sabitliyi pozur və etimadı zəiflədir.

Bildirilib ki, Aİ-nin ticarət üzrə komissarı Maroş Şefçoviç şənbə günü ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qrir və ticarət naziri Hovard Latniklə bu məsələni müzakirə edib.