BAKI, 6 fevral. TELEQRAF
6 fevral 2023-cü il tarixində Kahramanmaraşda baş vermiş zəlzələlər hamımızın qəlbində dərin izlər buraxıb.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" platformasında qeyd edib.
"Əsrin fəlakəti kimi xarakterizə olunan bu böyük dağıntı eyni zamanda millətimizin həmrəylik ruhunu, qarşılıqlı yardım şüurunu və yenidən ayağa qalxma əzmini də ortaya qoyub. Bu müddət ərzində, cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın qətiyyətli və iradəli liderliyi ilə dövlətimizin bütün imkanları səfərbər edilib, fəlakətin ilk anlarından etibarən vətəndaşlarımızın yaralarının sarılması üçün tarixi bir səfərbərlik həyata keçirilib.
Cənab Prezidentimizin sahədə nümayiş etdirdiyi güclü iradə, baxış və nəzarət həm qurumlara istiqamət verib, həm də millətimizə mənəvi dayaq olub. Zəlzələ bölgəsində tariximizin ən genişmiqyaslı yenidənqurma və inkişaf təşəbbüsü həyata keçirilib.
Şəhərlərimiz müasir infrastruktur, sosial təyinatlı obyektlər və ətraf mühitə həssas memarlıqla yenidən qurulub, tarixi ərazilər və abidələr yenidən dirçəldilib.
Bu böyük dönüşüm təkcə fiziki strukturları deyil, eyni zamanda millətimizin ümidini, daxili rahatlığını və gələcəyə olan inamını da yenidən inşa edib. Hər yeni yaşayış evi dövlətimizin vətəndaşına uzatdığı güclü əlin, millətimizin sarsılmaz iradəsinin və birliyinin rəmzinə çevrilib. Bu duyğularla 6 fevral zəlzələlərində həyatını itirən vətəndaşlarımızı bir daha rəhmət və dualarla yad edir, Uca Allahdan ölkəmizi və millətimizi hər cür fəlakətdən qorumasını diləyirəm", - B. Duran əlavə edib.