BAKI, 19 sentyabr. TELEQRAF

Azərbaycan boccia idmanı tarixində ilk nəticə qeydə alınıb. Cənubi Koreyanın paytaxtı Seulda keçirilən Dünya Çempionatında milli komandamızın üzvü Sona Ağayeva BC2 kateqoriyasında bürünc medal qazanaraq adını ölkə idmanının salnaməsinə yazdırıb. Reytinqin 3-cü pilləsində qərarlaşan Cənubi Koreya idmançısına qalib gələrək tarixi uğura imza atan paralimpiyaçımız Teleqraf-ın suallarını cavablandırıb.

İnamlı qələbəsindən, məşqçi dəstəyindən və qarşıdakı məqsədlərindən danışan Sona Ağayeva ilə müsahibəni təqdim edirik:

– Cənubi Koreyanın paytaxtı Seulda keçirilən boccia üzrə Dünya Çempionatında (BC2 kateqoriyasında) qazandığınız bürünc medal Azərbaycan bocciası tarixində ilk dünya çempionatı medalıdır. Bu tarixi uğur sizin üçün nə ifadə edir?

– Həqiqətən də çox qürurverici hissdir. Azərbaycan bocciasında ilk dəfə idi ki, dünya çempionatında iştirak edirdim. Çox sevinirəm ki, bürünc medala sahib oldum. Tarixdə bu, ilk medal oldu. Bir idmançı kimi böyük fəxarət hissi keçirirəm.

– Bürünc medal uğrunda keçirilən həlledici görüş necə keçdi? Qarşılaşmanın hansı anını xüsusilə yadda saxlamısınız?

– Bürünc medal uğrunda görüş bir qədər ağır alındı. Meydan sahiblərinin (Cənubi Koreya - N.V.) təmsilçisini məğlub etdim. Mən dünya reytinqində 15-ci pillədə idim, rəqibim isə 3-cü sırada qərarlaşmışdı. Buna baxmayaraq, ona qalib gəlməyim mənim üçün böyük uğurdur.

– Yarımfinal məğlubiyyətindən sonra bürünc medal uğrunda oyuna psixoloji baxımdan necə hazırlaşdınız?

– Məşqçim ruhdan düşməyimə imkan vermədi. O, məğlubiyyəti yaddaşımdan silərək sırf bürünc medal üçün keçiriləcək görüşə kökləndim. Məşqçim məni çox yüksək səviyyədə hazırlaşdırdı. Məşqçilərimə xüsusi təşəkkür edirəm. Bu, tək mənim yox, hər birimizin əziyyətidir. İşçi heyətimizə də minnətdaram, biz bunu birlikdə bacardıq.

– Bu nəticəyə gələnə qədər hansı çətinliklərdən keçmisiniz? Sona Ağayevanın bu günə çatmasında ən böyük rolu nə oynayıb?

– Bu səviyyəyə çatmağımda məşqçilərimin rolu danılmazdır. Baş məşqçimiz İlham müəllim hər zaman yanımda olub, dəstək göstərib. Zarafat deyil, artıq 10 ilə yaxındır bu idman növü ilə məşğulam. Nəinki məni, o, heç bir idmançının ruhdan düşməsinə imkan verməyib. Nə yaxşı ki, bu idmanda qalmışam.

Boccia bizə tək top atmağı, oynamağı öyrətmədi. İlham müəllim bizə həyatı öyrədir. Bu gün burada müsahibə verə bilirəmsə, bu, onun əməyi sayəsindədir. Biz özümüzü ifadə etməyi bacarmışıq. Mən çox vaxt ondan stimul alıram. O, çox mükəmməl danışır. Həmişə deyirdim ki, kaş bir gün mən də müəllimim kimi mükəmməl danışmağı öyrənə biləydim.

– Boccia həyatınıza nə vaxt daxil oldu və bu idman növü sizi necə dəyişdi?

– Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə ilk dəfə 2015-ci ildə peşə öyrənməyə gəlmişdim. Kursu bitirəndə İlham müəllim məni dəvət etdi ki, gəl, özünü idmanda da yoxla. 2016-cı ildə ilk dəfə yarışlara qatıldım və elə həmin turnirdə birinci oldum. Artıq 9 qat Azərbaycan çempionuyam və milli komandanın üzvüyəm.

– Qazandığınız tarixi medaldan sonra qarşınıza hansı yeni hədəfləri qoymusunuz?

– İnşallah, 2027-ci ildə Avropa Çempionatı var. Orada çempion olub 2028 Paralimpiya Oyunlarına birbaşa lisenziya əldə etmək istəyirəm.

– Los-Anceles-2028 Paralimpiadasında iştirak etmək və orada medal qazanmaq əsas məqsədlərinizdəndir. Bu hədəfə çatmaq üçün qarşıdakı dövrdə nələrə fokuslanacaqsınız?

– Yeni ildən tam ciddi məşqlərimiz başlayacaq. Bizdə məşqlər demək olar ki, bitmir, hər zaman hazırlıq prosesindəyik. Bu günə qədər etdiyim səhvlərin üzərində işləyəcəyəm. Əlimdən gələni edəcəyəm ki, çempionluqla geri dönüm.

– İdmançı karyeranızı bitirdikdən sonra məşqçi kimi çalışmağı düşünürsünüz?

– Hələ ki bu barədə düşünməmişəm. İndi bütün diqqətim idmançı kimi öz sözümü deməyə yönəlib.

– Sona Ağayevanı idmançı kimi tanıyırıq. Bəs insanların tanımadığı Sona necə biridir? İdmandan kənarda nələrlə maraqlanırsınız?

– İnsanların tanımadığı Sona bir az tez küsən, inciyən, çəkingən və utancaq biridir (gülür). İdmandan kənarda kitab oxumağı sevirəm. Bu, hamımız üçün vacibdir. Məşqlərimiz çox olduğu üçün vaxtımız məhdud olur, amma boş vaxtlarımı dostlarımla, yaxınlarımla keçirməyə çalışıram.

– I qrup əlilliyi olan şəxslər üçün iş imkanlarının məhdud olduğu bir reallıqda, boccia sizin həyatınızı dəyişib. Oxşar çətinliklərlə üzləşən insanlara nə demək istərdiniz?

– Həyat həqiqətən də mübarizədir. Biz ağır kateqoriya sayılırıq, I qrup əlilliyimiz var. Bizim üçün iş qapıları çox vaxt açıq olmur. Amma bu idmanda heç bir məhdudiyyət yoxdur. Müxtəlif fiziki məhdudiyyətləri olan insanlar bu idman növü ilə məşğul olub öz sözlərini deyə bilərlər. Yetər ki, mübarizə aparmaqdan vaz keçməsinlər.