QƏBƏLƏ, 19 sentyabr. TELEQRAF
Azərbaycan Premyer Liqasının VI turunda “Neftçi” səfərdə “Qəbələ”ni 3:0 hesabı ilə məğlub edib. Oyundan sonra “qırmızı-qaralar”ın yeni transferi Elvin Camalov sabiq klubuna qarşı keçirdiyi oyun barədə Teleqraf-a müsahibə verib.
31 yaşlı yarımmüdafiəçi klubunu dəyişməsinin səbəbləri, yeni komandası, Azərbaycan millisi və digər sualları cavablandırıb.
– Yeni komandanızda “Neftçi”yə qarşı keçirdiyiniz ilk matç barədə təəssüratlarınızı bilmək istərdik. Debütünüz sabiq komandanıza qarşı oldu...
– Mənim üçün önəmli qarşılaşma oldu. Çünki son dövrlər oyun praktikam xeyli azalmışdı. “Neftçi”də az şans qazanırdım, məhz bu səbəbdən də ayrılmaq qərarına gəldim. Əlbəttə ki, oradan getmək mənim üçün üzücü idi. “Neftçi”yə, azarkeşlərinə və bütün kollektivə böyük hörmətim var. Sadəcə, karyeramın elə bir mərhələsindəyəm ki, oynamasam, bu, geriyə doğru uçuruma yuvarlanmağa bərabər olar. Əgər ehtiyatda qalaraq daha bir il də belə davam etsəydim, karyeramı başa vura bilərdim. Yaxud təkliflər də az gələcəkdi. Buna görə də bu addımı atdım. “Neftçi”yə gələcək oyunlarda uğurlar arzulayıram, qələbə münasibətilə də onları təbrik edirəm.
– “Qəbələ” akademiyasının yetirməsisiniz, uzun illər burada çıxış etmisiniz. Qayıdışınız necə alındı?
– “Qəbələ” mənə heç də yad komanda deyil, əksinə, doğmadır, futbola başladığım yerdir. Bu klubun futbol karyeramda çox xüsusi yeri var, buna görə də bura qayıtmağı özümə borc bildim. Ümumilikdə yaxşı mübarizə apardıq, pis oyun sərgiləmədik. Sadəcə, “Neftçi” elə rəqibdir ki, yaranan fürsətlərdən maksimum yararlanmaq lazımdır. Təəssüf ki, biz şanslarımızdan istifadə edə bilmədik, rəqib isə keyfiyyətli oyunçularının sayəsində imkanlarını qola çevirdi.
Matçın sonunda komandamızda müəyyən yorğunluq özünü büruzə verdi və məğlub olduq. Ancaq dayanmaq olmaz, üzərimizdə işləməliyik. “Qəbələ” əsasən gənclərdən qurulmuş kollektivdir. İnanıram ki, baş məşqçimizin rəhbərliyi altında bir-birimizi daha yaxından tanıyaraq qarşıdakı turlarda uğurlu nəticələr əldə edəcəyik.
– “Qəbələ”yə keçidiniz qısa müddətdə reallaşdı, yoxsa bu qərarı vermək üçün müəyyən müddət düşündünüz?
– Qeyd etdiyim kimi, əsas səbəb “Neftçi”də az oyun şansı əldə etməyim idi. Digər tərəfdən, “Qəbələ” rəhbərliyi və məşqçilər korpusu hər zaman məni komandada görmək istəyib. Hətta sabiq baş məşqçi Kaxaber Tsxadadzenin vaxtında da kluba qayıtmağıma isti yanaşırdılar. Qarşımda iki real variant var idi və mən seçimimi “Qəbələ”dən yana etdim. Düşündüm ki, burada daha çox oynamaq imkanı qazanacağam. Şükürlər olsun ki, komandaya qoşulan kimi birbaşa əsas “11-lik”də yer aldım. Ümid edirəm ki, göstərilən etimadı qarşıdakı oyunlarda tam şəkildə doğruldacağam.
– “Neftçi”də keçirdiyiniz bir il yarımı necə qiymətləndirərdiniz? Daha çox ehtiyat skamyasında əyləşdiyinizi nəzərə alsaq, bu transferi karyeranızda verilmiş yanlış qərar saymaq olar?
– Qətiyyən səhv qərar hesab etmirəm. “Neftçi”yə transfer olarkən bu klubun nə qədər böyük olduğunu və azarkeş potensialını çox yaxşı bilirdim. Həqiqətən də həm yaxşı, həm də çətin günlərimdə mənə hər zaman dəstək olublar. “Neftçi” kimi klubun formasını geyinmək hər bir futbolçunun arzusudur və mən də bu arzumu həyata keçirdiyim üçün qürur duyuram. Oraya getməyimi karyeramın mənfi nöqtəsi kimi qələmə verməzdim.
Bəli, istədiyim qədər oynaya bilmədim. Orada əsas heyətə düşmək uğrunda mübarizədə limit amili və yaş faktoru da müəyyən rol oynayırdı. Lakin məşqlərdə hər zaman maksimum gücümü qoyur, nizam-intizama riayət edirdim. Klub rəhbərliyi və çalışdırıcılar da bunu təsdiqləyə bilərlər. Rəhbərliyin məni göndərmək kimi bir niyyəti yox idi, onlarla söhbətimizdə də vurğuladılar ki, məni məcbur yola salmırlar. Sadəcə, bu, mənim şəxsi seçimim idi və qərarıma hörmətlə yanaşdılar.
– İlk transfer olduğunuz zamanlar “Neftçi”nin ən stabil oyunçularından biri idiniz, lakin sonradan kölgədə qaldınız. Samir Abbasovla başlayan bu dönüş nöqtəsi necə baş verdi?
– Doğrudur, həmin vaxt məhz Samir Abbasovun şəxsi istəyi ilə komandaya qoşulmuşdum. Lakin “Neftçi” hər zaman çempionluq uğrunda mübarizə apardığı üçün orada güclü rəqabətin olacağını əvvəlcədən bilirdim. İlk yarım mövsümdə mütəmadi oynadım, çünki o zaman yerli oyunçu limiti hələ qüvvədə idi. Daha sonra limit ləğv olundu və mövqeyimə başqa futbolçular transfer edildi. Təəssüf ki, həmin mərhələdə yeni gələnlərə daha çox güvəndilər, mənim potensialımı isə lazımi səviyyədə dəyərləndirmədilər. Buna baxmayaraq, heç kimlə problemim olmayıb, sadəcə, oyun baxımından az şans qazandığım üçün bu qərarı verdim.
– Ötən yay transfer pəncərəsində də təkliflərinizin çox olduğunu bilirik. Yetirməsi olduğunuz “Qəbələ”yə keçərkən maliyyə şərtləri baxımından müəyyən güzəştlərə getdiniz?
– Bəli, yayda da müxtəlif variantlarım var idi və əslində “Neftçi”də qalmağı çox istəyirdim. Klub da buna müsbət yanaşırdı. Hətta özləri də təsdiqləyə bilər ki, məni buraxmaq istəmirdilər. Amma sağ olsunlar, ayrılmaq qərarımda da məni anladılar. “Qəbələ”yə keçid mərhələsində sırf oynamaq, futbol həyəcanını yenidən yaşamaq üçün maddi baxımdan müəyyən güzəştlərə getməli oldum. Çünki futbolçu üçün əsas amil pula deyil, yaşıl meydanda olmağa bağlıdır. Bu gün məğlub olsaq belə, əsas odur ki, oynadım və oyun praktikası qazandım.
Oynamayanda insan unudulur. Mən düşündüm ki, əgər bu mövsümü də ehtiyatda keçirsəm, tamamilə kənarda qalacağam. Məhz buna görə də mütəmadi oynaya biləcəyim kluba gəldim ki, həm göz önündə olum, həm də milli komandaya namizədlər sırasına daxil ola bilim.
– Yeri gəlmişkən, Millətlər Liqası üçün Azərbaycan millisinin heyəti açıqlanan zaman təəssüf hissi keçirdinizmi? Yəni “kaş ki, “Qəbələ”yə bir qədər daha tez qayıdardım” fikri ağlınızdan keçdimi?
– Əlbəttə, bunu düşünürdüm. Əgər bu keçidi bir neçə oyun daha tez reallaşdıra bilsəydim inanıram ki, indi milli komandanın heyətində olardım. Çünki yığmanın şərəfini qorumağı hər bir azərbaycanlı futbolçu kimi mən də çox istəyirəm. İnşallah, qarşıdakı oyunlarda göstərəcəyim performansla yenidən milli komandaya dəvət olunaram.