BAKI, 25 yanvar. TELEQRAF

Vaşinqton gərginliyin azaldılması vasitəsilə Rusiya ilə Avropa arasında etimadın bərpası üçün yeni əsas yaratmaq niyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Qəzet ABŞ Prezidenti Donald Tramp administrasiyasının adının açıqlanmasını istəməyən nümayəndəsinə istinadən yazır ki, hazırda Avropa ilə Rusiya arasında etimad səviyyəsi aşağıdır.

“Hazırda Avropa ilə Rusiya arasında kifayət qədər etimad yoxdur, lakin biz deeskalasiyanın real şəkildə nümayiş etdirilməsi yolu ilə etimadın formalaşmasına imkan verəcək yeni bir paradiqmanın əsasını yaratmaq istəyirik”, - deyə mənbə bildirib.

"Politico"nun məlumatına görə, BƏƏ-nin Əbu-Dabi şəhərində Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakilə keçirilən üçtərəfli məsləhətləşmələrdə iqtisadi məsələlərə, eləcə də Zaporojye AES üzərində nəzarət mövzusuna xüsusi diqqət yetirilib. Mənbənin sözlərinə görə, tərəflər sülhün Ukrayna üçün rifah planı, Rusiya ilə ABŞ arasında müəyyən biznes imkanları kimi gətirə biləcəyi faydaları anlamağa başlayır.

Qeyd edək ki, təhlükəsizlik məsələləri üzrə üçtərəfli məsləhətləşmələrin ilk günü yanvarın 23-də Əbu-Dabidə keçirilib.