BAKI, 21 yanvar. TELEQRAF
Avstraliyanın federal parlamenti hökumətin təqdim etdiyi nifrət çağırışlarının kriminallaşdırılması və odlu silah sahibləri üçün tələblərin sərtləşdirilməsi ilə bağlı qanun layihələrini qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Baş naziri Entoni Albanizi məlumat verib.
Onun sözlərinə görə, yeni qanunlar antisemitizmlə mübarizəni, silah gəzdirmənin qadağan edilməsini, silah sahibləri üçün tələblərin sərtləşdirilməsini və dövlət tərəfindən geri satınalma proqramının tətbiqini nəzərdə tutur. Baş nazir bildirib ki, bu addımlar nifrətə qarşı mübarizəyə və milli təhlükəsizliyin gücləndirilməsinə xidmət edir.
Qanunlar qüvvəyə mindikdən sonra Avstraliya hökuməti təşkilatları “ekstremist” və ya “nifrət yayan” qurumlar kimi tanıya və onlarla əlaqəli şəxsləri məhkəmə qaydasında təqib edə biləcək. Belə icmalara üzvlük, tərəfdar cəlb edilməsi, ianələr və hər hansı digər dəstək cinayət məsuliyyəti yaradacaq. Eyni zamanda, nifrət zəminində törədilən cinayətlərə görə cəzalar sərtləşdiriləcək, ekstremist simvolların nümayişinə qoyulan qadağalar genişləndiriləcək və ekstremist ideyaları yayan şəxslərin vizalarının ləğvi proseduru sadələşdiriləcək.
Bundan əlavə, ölkədə odlu silah dövriyyəsini tənzimləyən qanunvericiliyə edilən dəyişikliklər silahın həm şirkətlər, həm də vətəndaşlar tərəfindən idxalını məhdudlaşdıracaq, bəzi silah növlərinin isə faktiki olaraq qadağan olunmasına gətirib çıxaracaq. Silahların sayını azaltmaq məqsədilə hökumət iki il müddətinə dövlət geri satınalma proqramına start verəcək. Proqram bütün ştat və ərazilərin hakimiyyət orqanları ilə birgə həyata keçiriləcək.
Məlumata görə, hər iki palatanın dəstəyini alan qanun layihələri yaxın vaxtlarda Avstraliyanın general-qubernatoru Samanta Mostin tərəfindən təsdiqlənəcək və rəsmi olaraq qüvvəyə minəcək.