BAKI, 21 yanvar. TELEQRAF

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Silahlı Qüvvələrin NATO çərçivəsində fəaliyyət göstərən təxminən 30 mexanizmdə iştirakını azaltmağı planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti öz mənbələrinə istinadla məlumat yayıb.

Bildirilir ki, bu addım ABŞ Prezidenti Donald Tramp administrasiyasının Avropadakı hərbi mövcudluğu ixtisar etmək siyasətinin növbəti mərhələsidir.

Qəzetin yazdığına görə, planlaşdırılan dəyişikliklər təxminən 200 hərbçiyə təsir göstərəcək və NATO-nun fəaliyyətinin müxtəlif sahələrində, o cümlədən alyans qüvvələrinin hazırlanması ilə məşğul olan qabaqcıl təcrübə mərkəzlərində ABŞ-nin iştirakını zəiflədəcək. Mənbələrin sözlərinə görə, Pentaqon səlahiyyət müddəti bitən əməkdaşların yerinə yenilərini göndərməyi planlaşdırmır. Bu səbəbdən prosesin illərlə davam edə biləcəyi qeyd olunur.

Məlumata əsasən, ixtisarlar ABŞ-nin enerji təhlükəsizliyi, dəniz əməliyyatları, xüsusi əməliyyatlar və kəşfiyyat üzrə məsləhətçi qruplardakı iştirakına da şamil olunacaq. Mənbələr vurğulayıb ki, bu qərar bir neçə aydır müzakirə olunur və ABŞ ilə Danimarka, eləcə də NATO-nun digər müttəfiqləri arasında Qrenlandiya ətrafında yaranan gərginliklə bağlı deyil.